Səfirin Tərcümeyi-hal

Gürsel İsmayılzadə

Gursel Qüdrət oğlu İsmayılzadə, 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olmuşdur.

1977-ci ildən 1987-ci ilədək Bakı şəhəri, Nizami rayonunun fars dili təmayüllü        62 No-li məktəbində oxumuş və həmin məktəbi gümüş medal ilə bitirmişdir.      1987-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1992-ci ildən 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikası Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Ərəb Ölkələrinin müasir tarixi və iqtisadiyyatı şöbəsində elmi işçi kimi çalışmışdır.

1993-cü ilin 16 iyul tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilmişdir.

1996-cı ilin oktyabrından XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilmiş, 1996-cı ilin oktyabrından 1997-ci ilin aprel ayınadək Tsukuba Universitetində (Tsukuba şəhəri) yapon dilini öyrəndikdən sonra, Tokionun Cyoçi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olmuşdur. 1998-ci ilin aprel ayında Cyoçi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin magistraturasına daxil olmuş, 2000-ci ilin martında həmin fakültəni bitirərək Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi almışdır. 2000-ci ilin aprelindən Cyoçi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin doktorluq proqramına (Ph.D.) daxil olmuş, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə Fəlsəfə Doktoru namizədi dərəcəsi almışdır.

Yaponiyada təhsildən sonra 2005-ci ilin yanvarında AR-ın Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinə birinci katib vəzifəsinə, 2005-ci ilin 5 sentyabrında  AR-ın Yaponiyadakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilmiş, 2006-cı il 2 oktyabrda Səfirliyin müşaviri vəzifəsinə irəli sürülmüşdür.

2010-cu ilin 5 yanvarından etibarən AR-ın Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri vəzifəsində, 2010-cu ilin mayından 2011-ci ilin avqustunadək Nazirin katibliyinin müdiri, nazirin köməkçisi vəzifəsində çalışmışdır. 

16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

Fövqəladə və Səlahiyyətli Səfir rütbəsinə malikdir.

Xarici İşlər Nazirliyinin 24 iyul 2009-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı, 2011-ci ildə isə XİN-in Fəxri Fərmanı ilə təltif edilmişdir.

İngilis, yapon, rus, ərəb dillərini bilir.

Evlidir, bir övladı var.