2026-02-26

Səfirlikdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilmişdir

Yaponiyada Azərbaycan Respublikasının Səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilmişdir.

Tədbirdə Yaponiyanın Azərbaycanda akkreditə olunmuş sabiq səfirləri, ölkənin aparacı mətbu orqanlarının (NHK, Kyodo, Nikkei və digər nüfuzlu media qurumları) nümayəndələri, elmi və akademik dairələrin təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəal üzvləri olmaqla ümumilikdə 40-a yaxın qonaq iştirak etmişdir. Tədbirin keçirilməsi Yapon ictimaiyyəti arasında Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və tarixi həqiqətlərin beynəlxalq müstəvidə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Tədbiri giriş sözü ilə açan səfir Fərid Talıbov qonaqları salamlamış, Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra səfir çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının müasir tarixində ən böyük faciə olduğunu, dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayətin xalqımıza qarşı əsrlər boyu aparılmış ardıcıl və məqsədli etnik təmizləmə və zorakılıq siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyini vurğulamışdır.

Səfir çıxışı zamanı Xocalı hadisəsinin tarixi xronologiyası barədə məlumat vermiş, Ali Baş Komandan Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi, Xocalı şəhərinin işğaldan azad olunaraq yenidən Azərbaycanın suveren nəzarətinə qayıtması faktını xüsusi qeyd etmişdir. Eyni zamanda Azərbaycan xalqına qarşı müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hazırda ədalət mühakiməsi qarşısında cavab verməsi prosesi, eləcə də azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşdırma layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat çatdırılmışdır.

Çıxışdan sonra Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr olunmuş “Badam ağacı” adlı qısametrajlı sənədli filmin Səfirlik tərəfindən yapon dilinə dublyaj edilmiş versiyası nümayiş etdirilmişdir. Film qonaqlar tərəfindən böyük diqqət və emosional həssaslıqla izlənmiş, tədbirin məzmununa dərin təsir göstərmişdir. 

Tədbirin yekununda Xocalı şəhidlərinin ruhuna ehsan verilmişdir.

 

Arxiv üzrə axtarış