2026-09-27

27 Sentyabr Anım Günü

AZƏRBAYCAN RESPUBLİKASININ YAPONİYADAKI SƏFİRLİYİ

Mətbuat açıqlaması

Tokio, 27 sentyabr 2026-cı il

27 Sentyabr – Anım Günü və Azərbaycan şəhidlərinin xatirəsinin yad edilməsi

Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi 27 sentyabr – Anım Günündə dünyanın hər yerində yaşayan soydaşlarımızla birlikdə şəhidlərimizin xatirəsini yad edir. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anır, onların ailələri ilə həmrəyliyimizi ifadə edirik.

Bu il 44 günlük Vətən müharibəsinin başlanmasından altı il ötür. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlamışdır. Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında hərbçilərimizin şücaəti və xalqımızın birliyi sayəsində işğal olunmuş ərazilər azad edilmişdir. 2020-ci ildə qazanılmış zəfər və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası Azərbaycanın tarixində yeni səhifə açmışdır.

İşğalın fəsadları, o cümlədən ərazilərin minalarla çirklənməsi, yaşayış məntəqələrinin, infrastrukturun, mədəni və dini irsin dağıdılması ciddi humanitar çətinliklər yaratmaqda davam edir. Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq və minatəmizləmə işləri “Böyük Qayıdış” proqramı ilə birlikdə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün şərait yaradır.

Azərbaycan suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına sadiqdir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevin, Baş nazir Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişi layihəsini paraflamışlar. Bu mühüm addım münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş üçün əhəmiyyətli zəmin yaratmışdır.

Həmin gün imzalanmış Birgə Bəyannamədə regional kommunikasiyaların açılması, o cümlədən Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması da nəzərdə tutulmuşdur. Nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) regionun inkişafı naminə ticarətin və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, gələcək nəsillər üçün təhlükəsiz və dinc gələcək qurmaq əzmimizi bir daha təsdiqləyirik.

Arxiv üzrə axtarış