2016-05-18

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxsləri və mülki obyektlərini ağ fosfor mərmisindən atəşə tutmasına dair XİN-in bəyanatı

2 aprel 2016-cı il tarixdən başlayaraq son gərginlik və hücum hərəkətləri zamanı Ermənistan silahlı qüvvələri qəsdən və çoxsaylı əsasda Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə edib. 

Belə mərmilərdən birinin Azərbaycanın Tərtər rayonunun Əskipara kəndi ərazisinə atılması və təsadüfən ilkin hədəfdən yayınaraq becərilən pambıq tarlasına düşməsi faktı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən10 may 2016-cı il tarixində aşkarlanıb. Əgər bu mərmi Əskipara kəndinin əhalinin sıx məskunlaşdığı ərazisinə düşsəydi, çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnə bilərdi.

Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirliklərinin hərbi attaşeləri Ermənistan tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı bu tipli silahdan istifadə olunması faktına dair dərhal məlumatlandırıldı. Bu fakt 11 may 2016-cı il tarixində Əskipara kəndinə səfər zamanı 13 ölkədən 20 nümayəndə və hərbi attaşe, eləcə də ATƏT-in Minsk Konfransı tərəfindən münaqişə ilə məşğul olan ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin səhra köməkçilərinin iştirakı ilə müşahidə edildi və sənədləşdirildi.

Araşdırma nəticəsində aşkar edildi ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan sursat D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) tərkibli maddə olan mərminin ümumi çəkisi 27.07 kq-dır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları mərminin tapıldığı ərazini təftiş etdilər. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29,120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlandı. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda iş üzrə ibtidai istintaq davam etdirilir.

Şahid ifadələri, hala dair şəkillər, mərminin zərərsizləşdirilməsinə dair video görüntülər (sıx ağ tüstülü partlayış) (videoya bu keçiddən baxmaq olar: http://mod.gov.az/index2.php?content=news/2016/20160511_attasecebhe) həmçinin atəşin trayektoriyası və digər təqdim edilən çoxsaylı sübutlar təsdiq edir ki, Ermənistana məxsus sursat ağ fosfor mərmisidir və Ermənistan silahlı qüvvələrinin yaxınlıqda yerləşən mövqelərindən atılıb. 

Məlumdur ki, tərkibində ağ fosfor olan silahlar tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda həddən ziyadə zəhərləyici xüsusiyyətə malikdir və insanın sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Belə silahlar dəri ilə təmasda olduqda hətta bəzən sümüyə qədər nüfuz etməklə ağır, qismən və ya tam dərin yanığa və kimyəvi yanıqlara səbəb olur. Dəri vasitəsilə sovrulmuş fosfor insan bədənində kifayət qədər uzun müddət qala bilir və ürək, böyrək, qara ciyərin zədələnməsi, bir sıra daxili orqanların çatışmamazlığı və yaxud ölümlə nəticələnir.

Beynəlxalq humanitar hüquqa görə, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə (Əskipara kəndindəki becərilən sahə kimi) ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir.

Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.

Ağ fosfor tərkibli silahları həmçinin, Ermənistanın da 2004-cü ildə qoşulduğu 1997-ci il Terrorçu partlayışlara qarşı mübarizəyə dair Beynəlxalq Konvensiyasına əsasən “alışdırıcı silahlar və ya qurğular” kimi də təsnif edilər bilər. Konvensiya hər hansı “layihələndirilmiş və ya bu imkanlara malik ölümlə nəticələnən, ciddi bədən xəsarəti və yaxud sağlamlığa ciddi ziyan vuran partlayıcı və ya alışdırıcı silah və ya qurğu”, yaxud da zəhərli kimyəvi, bioloji agentlər, toksinlər və ya radiasiya təsiri yaradan silaha tətbiq edilir. 

Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi töfsiv olunur.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud pozduğuna görə Ermənistanı qınamağa çağırır.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki şəxsləri və mülki obyektlərinə qarşı istifadə etdiyi ağ fosfor mərmisi haqqında

Növ: D-4 Ağ fosfor mərmisi

Partladıcı: RGM-2

Rəngi: xaki və ya boz

Gövdəsi: Metal

Təyinatı: Tüstülü

İçindəki maddə: 3.6 kg P-4 (kimyəvi kodu) ağ və ya sarı fosfor

Partlayıcı çəkisi: 0.145 kg TNT (trotil)

Çapı: 122 mm

Hündürlüyü: 496.6 mm

 

http://www.mfa.gov.az/az/news/909/4104

Arxiv üzrə axtarış