İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

 

AZƏRBAYCAN–YAPONİYA MÜNASİBƏTLƏRİ

Ümumi baxış

Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulmuşdur. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur (28 dekabr 1991). İki ölkə arasında son otuz ildə qarşılıqlı etimada əsaslanan sıx siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar münasibətlər formalaşmışdır. 

Siyasi münasibətlər

Yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin əsas sütunlarından biridir. 1998-ci ilin fevralında Ulu Öndər Heydər Əliyevin Yaponiyaya səfəri zamanı 8 mühüm sənəd imzalanmış, əməkdaşlığın əsas istiqamətləri müəyyən edilmişdir. 2006-cı ildə Prezident İlham Əliyev Yaponiyada rəsmi səfərdə olmuş, münasibətlər daha da genişlənmişdir.

Yaponiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupu və AR Milli Məclis daxilində yaradılan işçi qrup əlaqələrin parlamentlərarası ölçüsünü təmin edir. Hazırda Azərbaycan–Yaponiya Parlamentlərarası İşçi Qrupuna deputat Əminə Ağazadə, Yaponiya–Azərbaycan Dostluq Qrupuna isə Kazunori Tanaka rəhbərlik edir.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe 7 yanvar 2024-cü il tarixindən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri vəzifəsinə isə 27 oktyabr 2025-ci ildə Fərid Yunis oğlu Talıbov təyin olunmuşdur.

Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr keçirilir. Sonuncu məsləhətləşmə 2 oktyabr 2025-ci il tarixində Bakı şəhərində baş tutmuşdur. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, regional təhlükəsizlik, sülh prosesi, Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa işləri, iqlim təşəbbüsləri və beynəlxalq təşkilatlarda əməkdaşlıq ətrafında müzakirələr aparılmışdır.

İqtisadi əməkdaşlıq

İkitərəfli iqtisadi münasibətlərdə enerji, nəqliyyat, investisiya və ticarət sahələri aparıcı yer tutur. Yaponiya Azərbaycanın əsas texnologiya və sənaye tərəfdaşlarından biridir. 1999-cu ildən etibarən fəaliyyət göstərən Hökumətlərarası İqtisadi Komissiya bu münasibətlərin inkişafında mühüm rol oynamışdır.

2025-ci ilin 26 sentyabr tarixində Tokioda Komissiyanın 12-ci iclası keçirilmişdir. İclas SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ITOCHU" şirkətindən Tetsuya Yamada tərəfindən həmsədrliklə aparılmış, azad olunmuş ərazilərdə investisiya imkanları, nəqliyyat, "yaşıl" enerji və sənaye sahələrində əməkdaşlıq müzakirə olunmuşdur. Görüş çərçivəsində bir neçə əməkdaşlıq memorandumu imzalanmışdır.

2024-cü ildə ticarət dövriyyəsi 428 milyon ABŞ dolları təşkil etmiş, 2025-ci ilin ilk 4 ayında isə bu rəqəm 131 milyon ABŞ dolları həcmində qeydə alınmışdır. Azərbaycanın ixracında alüminium, üzüm şərabları və emal olunmuş kənd təsərrüfatı məhsulları yer tutur. Yaponiyadan idxalda isə əsas yer avtomobil və sənaye məhsullarına məxsusdur.

Enerji sahəsində əməkdaşlıq

Yaponiya şirkətləri "Azəri–Çıraq–Günəşli", "Şahdəniz" və Bakı–Tbilisi–Ceyhan kimi böyük enerji layihələrində iştirak ediblər. Həmçinin "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının maliyyələşdirilməsində də Yaponiyanın rolu əhəmiyyətlidir.

2021-ci ildə "TEPSCO" şirkəti ilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması üzrə konsepsiya razılaşdırılmış, 2024-cü ildə isə monitorinq mexanizminin tətbiqi barədə razılıq əldə olunmuşdur. Yaponiya COP29 sammitində iştirak etməklə Azərbaycanın iqlim təşəbbüslərinə dəstəyini ifadə etmişdir.

Humanitar və mədəni əməkdaşlıq

Bakı şəhəri 2026-cı ildə Sumo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Azərbaycan 2027-ci ildə Yokohamada keçiriləcək Green Expo sərgisində iştirak edəcək. Mədəniyyət sahəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına namizədlik, ikitərəfli sərgilər, kitab layihələri və film istehsalçıları arasında əməkdaşlıq gündəmdədir.

Qarabağ və Şərqi Zəngəzurda əməkdaşlıq

Yaponiya hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işlərində iştirakda maraqlıdır. "Shinyei Kaisha" və "Tokyo Engineering Consultants" şirkətləri bu bölgələrdə infrastruktur layihələri təklif etmişlər. ANAMA-nın mina təmizləmə işlərinə də Yaponiyanın texniki dəstəyi davam edir.

Beynəlxalq təşkilatlarda əməkdaşlıq

Azərbaycan və Yaponiya BMT, UNESCO və digər beynəlxalq qurumlarda qarşılıqlı dəstək verir. Yaponiya Azərbaycanın 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləmiş, 2024-cü ildə COP29 çərçivəsində iqlim təşəbbüslərinə qatılmışdır.

Regionlararası əlaqələr

İsmayıllı–İto və Xətai–Şika qardaş şəhər layihələri bu sahədə əməkdaşlığın əsas nümunələridir. Eyni zamanda Ağdam–Xirosima və Şuşa–Okayama şəhərləri arasında əməkdaşlıq təşəbbüsləri mövcuddur. Azərbaycanın bir sıra şəhərləri Yaponiyanın "Mayors for Peace" təşəbbüsünə qoşulmuşdur.

Arxiv üzrə axtarış