2016-05-11

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr edilmiş tədbir

Cari ilin 10 may tarixində AR-ın Yaponiyadakı Səfirliyində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndələri, Yaponiya ictimaiyyətinin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə, eləcə də Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına töhfə vermiş rəsmi səfərinə həsr edilmiş fotosərgi ilə tanış olmuşlar. Sərgi bir həftə ərzində Səfirlikdə nümayiş etdirilmişdir.

Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək, ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs etmişdir. Azərbaycançılıq, milli birlik, sosial rifah, Azərbaycanın ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, tərəqqi edən və siyasi cəhətdən sabit ölkə modelinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğu, bu siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

G.İsmayılzadə Heydər Əliyevin fəaliyyəti sayəsində ölkədə söz azadlığının təmin edilməsi, habelə onun siyasi iradəsi ilə Azərbaycan müstəqil xarici siyasət yürüdərək, beynəlxalq miqyasda dünya dövlətləri arasında layiqli yerini tutması barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

 

Arxiv üzrə axtarış