2016-05-31

The Japan Times qəzetinin Xüsusi Buraxılışı

 

Cari ilin 28 may tarixində Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət bayramı 28 may – Respublika Günü münasibətilə Yaponiyanın “The Japan Times” ingilis dilli qəzetində ölkəmizə həsr edilmiş xüsusi buraxılış nəşr edilmişdir.

Qəzetdə səfir Gürsel İsmayılzadənin “Tolerantlığı ilə tanınan ölkə” və Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin “Multikulturalizm milli dəyərlər arasında mühüm rola sahibdir ” adlı məqalələri dərc edilmişdir.

G.İsmayılzadənin məqaləsində ötən əsrin əvvəllərində müstəqilliyin qazanılması, 1991-ci ilin 18 oktyabr tarixində isə yenidən bərpa edilməsi bildirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrilməsi, zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olaraq qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı bildirilmişdir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçı siyasətin nəticələri, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı BMT TŞ müvafiq qətnamələri barədə geniş məlumat qeyd olunur.

Daha sonra məqalədə Azərbaycanın tarixin bütün dövrlərində dini-etnik, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin mənsublarına münasibətinə görə tolerantlıq nümunəsi olduğu vurğulanmışdır. 2016-cı ilin Azərbaycanda Multikulturalizm İli olduğu da bildirilmişdir.

Ölkəmizin iqtisadi potensialı, o cümlədən nəqliyyat infrastrukturu və tranzit imkanları barədə məlumat verilmişdir. Məqalədə 2016-cı ilin iyun ayında Bakıda Formula 1 yarışlarının keçiriləcəyi də qeyd edilmişdir.

Daha sonra məqalədə Azərbaycan-Yaponiya münasibətlərinə dair məlumat verilmiş, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, ötən il ərzində qarşılıqlı yüksək səviyyəli səfərlər nəticəsində Azərbaycanın Yaponiya ilə siyasi, iqtisadi, enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığı genişlənir. Ölkəmizin tədricən yapon turistləri üçün cəlbedici turizm məkanına çevrildiyi bildirilmişdir. İki ölkə arasında ticarətin təşviq edilməsi istiqamətində bu yaxınlarda Azərbaycanın “Silk Way West” hava yolları tərəfindən Yaponiyaya açılmış birbaşa karqo reysinin müsbət addım olduğu da qeyd olunmuşdür.

K.Adbullayevin məqaləsində multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşdığı, Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasətinin ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində gördüyü bildirilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi qeyd edilmişdir.

Məqalədə qeyd edilmişdir ki, multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Dövlət başçısı tərəfindən daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyi qeyd edilir. Azərbaycanın mənəvi və siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsi də qeyd olunur.

Daha sonra məqalədə  Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolu haqqında məlumat verilmişdir.

Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi bu sahənin əsas prioritetlərdən biri kimi müəyyən etməklə, ölkəmizin dünyanın tolerantlıq ənənələrinə və sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfə verməsinə davam edəcəkdir.

Məqalənin tam mətni aşağıdakı linkdən əldə oluna bilər:

http://classified.japantimes.com/nationalday/pdfs/20160528-Azerbaijan_National_Day.pdf

 

Arxiv üzrə axtarış