2016-06-02

28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət

Cari ilin 30 may tarixində Azərbaycan Respublikasının dövlət bayramı 28 may – Respublika Günü münasibətilə Səfirlik tərəfindən Tokionun “Okura” otelində rəsmi qəbul keçirilmişdir.

Qəbulda Yaponiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının üzvləri, ictimai-siyasi dairələrin nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri, diplomatik korpus və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişlər. Qəbulda Yaponiyada işgüzar səfərdə olan AR İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova da iştirak etmişdir.

Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə açan səfir Gürsel İsmayılzadə, ilk öncə Yaponiyanın Kumamoto prefekturasında baş vermiş zəlzələlər nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.

Daha sonra səfir müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan söz açmışdır. Səfir müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrin birinə çevrilməsi, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı bildirilmişdir.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçı siyasətin nəticələri, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı BMT TŞ müvafiq qətnamələri barədə məlumat vermişdir.

Azərbaycan və yapon xalqları arasında əlaqələrin böyük tarixə malik olduğunu qeyd edən G.İsmayılzadə bu əlaqələrin Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyduğunu söyləmişdir. Səfir ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirmiş, ötən il ərzində qarşılıqlı yüksək səviyyəli səfərlər nəticəsində Azərbaycanın Yaponiya ilə siyasi, iqtisadi, enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığının genişləndiyini vurğulamışdır. Ölkəmizin tədricən yapon turistləri üçün məşhur turizm məkanına çevrildiyini bildirmişdir. İki ölkə arasında ticarətin təşviq edilməsi istiqamətində Azərbaycanın “Silk Way Cargo” şirkətinin həftədə iki dəfə Azərbaycandan Yaponiyaya və geriyə birbaşa yük uçuşlarının müsbət addım olduğunu da qeyd etmişdir.

Səfir hər iki ölkənin vətəndaşlarına rifah, tərəqqi və əmin-amanlıq arzu etmişdir.

Mərasimdə əsas qonaq qismində iştirak edən Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının baş katibi, Müşavirlər Palatasının üzvü Kenci Kosaka dost ölkə olan Azərbaycanı Respublika Günü münasibətilə öz adından və ölkə hökuməti adından təbrik etmişdir.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Kosaka, Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirmişdir. Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının Ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri zamanı yarandığını xatırladan baş katib, Prezident İlham Əliyevin Yaponiyaya səfəri zamanı dostluq münasibətlərinin daha da genişləndirilməsini vurğulamış, Azərbaycanın Yaponiya arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə etmişdir. K.Kosaka son illər ərzində qarşılıqlı səfərlərin iki ölkə arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini bildirmişdir. O, ölkəmizdə yapon texnologiyalarının tətbiq edilərək bir sıra məhsulların istehsal olunması haqqında da məlumat vermişdir.

Daha sonra Yaponiya XİN-in protokol idarəsinin rəisi, səfir Kaoru Şimazaki çıxış edərək, Azərbaycanın son illərdəki sürətli inkişafını vurğulamış, Yaponiyanın zəngin enerji ehtiyatlarına malik ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu söyləmişdir. Səfir iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirmişdir. K.Şimazaki ötən il ərzində qarşılıqlı yüksək səviyyəli səfərlər nəticəsində Azərbaycanın Yaponiya ilə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Kaoru Şimazaki ölkəmizin müstəqilliyinin 25-ci ildönümü şərəfinə badə qaldırmışdır.

Qəbul boyu Azərbaycanın milli musiqisinin parçaları səsləndirilmişdir.

 

Arxiv üzrə axtarış