2021-01-20

20 Yanvar - Xalqın birliyinin və milli ləyaqət hissinin top-tüfəngə qalib gəldiyi gün

1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Həmin faciəli günlərdən 31 ilk keçir. Ulu Öndərimizin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Xalq şairi Bəxtiyar Vahabzadə 20 Yanvar şəhidlərinin tariximizdəki rolunu şeirinin dili ilə belə ifadə edib:

 

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumu əkdi şəhidlər.

 

Azərbaycan 30 ilə yaxındır ki, müstəqil dövlətdir. Otuz il əvvəl itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad olunub. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Xalqımız 20 Yanvar faciəsinin 31-ci ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.

Arxiv üzrə axtarış