Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında danışıb.
Xocalı soyqırımın Ermənistan faşizminin təzahürü olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, 1992-ci ildən son hadisələrədək erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdu. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, ikinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.
Prezident qeyd edib ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, ondan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi qəbul edib və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatlar bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat var.
“Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video və foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim olunub. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.