2021-04-08

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı bəyanatı

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir.

Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşmişdir və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib.

Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Bu ərazilərin kütləvi minalanması Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur. Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Təxminən otuz ildir ki, evlərindən didərgin düşmüş ailələr, ərazilər minalardan təmizlənmədiyi üçün hələ də təhlükəsiz şəkildə öz evlərinə geri dönə bilmirlər.

Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğalı dövründə, habelə bu torpaqlardan çıxmağa məcbur edilən zaman həmin ərazilərdə məqsədli şəkildə minaların yerləşdirilməsi, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz torpaqlarına qayıtmasına və bu insanların fundamental hüquqlarının həyata keçirilməsinə maneə olmaq və mümkün qədər çox insanın lüzumsuz əzab çəkməsinə nail olmaq istəyən Ermənistanın niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Azərbaycan Mina Xəbərdarlığı Günündə müraciətini bir daha təkrar edir və beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olmasına və minaların yeri barədə məlumatı təqdim etməkdən imtina etməsinə göz yummamağa çağırır.

Biz Ermənistandan beynəlxalq hüquq qarşısında tutduğu öhdəlikləri və insan həyatını qorumaqla bağlı mənəvi borcunu yerinə yetirməsini tələb edirik. Azərbaycan sülhü və cavabdehliyi təmin etmək üçün bütün mövcud və lazımi hüquqi tədbirləri görəcəkdir.

Arxiv üzrə axtarış