2021-05-13

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünə dair məlumatı

11 may 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Nazir Ceyhun Bayramov həmkarını səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini qeyd etdi. Həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı.

Nazir Sergey Lavrov Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış məhsuldar müzakirələrə istinad etdi, eyni tarixdə iki ölkənin dövlət başçılarının telefon söhbətinin baş tutduğunu məmnunluqla bildirdi. Dövlət başçıları tərəfindən müəyyən edilən strateji fəaliyyət xəttinin aidiyyəti qurumlar tərəfindən həyata keçirildiyi qeyd olundu. Iki ölkənin gündəliyində bir çox məsələlərin olduğu və əməkdaşlığın geniş spektr üzrə həyata keçirildiyi vurğulandı.

Tərəflər, faşizm üzərində birgə qələbənin növbəti ildönümü münasibətilə təbriklərini səsləndirərək, nasizm ideologiyası ilə mübarizədə qətiyyət və həmrəyliklərini ifadə etdilər.

Nazirlər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə etdilər.

İki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyinin münasibətlərin inkişafında vacib rol oynadığı bildirildi. Pandemiyanın ölkələrimiz arasında münasibətlərin möhkəmləyini sınadığı, bir gün də olsun əlaqələrdə fasilənin olmadığı qeyd olundu. Bu yaxınlarda Moskvada keçirilmiş Hökumətlərarası Komissiyanın növbəti iclasının nəticələrinin pandemiyanın qismən də olsa təsir etdiyi iqtisadi-ticarət münasibətlərinin irəli aparılması baxımından əhəmiyyət kəsb etdiyi vurğulandı.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə, qarşıdan gələn il qarşılıqlı fəaliyyətin həyata keçirilməsi razılaşdırıldı.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi apardılar. BMT, ATƏT, MDB, QDİƏT və digər çərçivələrdə əməkdaşlığın davam etdirilməsi və möhkəmləndirilməsinin önəmi ifadə olundu.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılmasına və sülhün təmin olunmasına xidmət edəcək iqtisadi və nəqliyyat layihələri, habelə üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl olan məsələlər ətrafında geniş müzakirələr apardılar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşün sonunda nazirlər tərəfindən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləmələr Planı” imzalandı.

 

Arxiv üzrə axtarış