Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanatı
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.
Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistanın özündən deportasiya edilməsi Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Ümumxalq hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
20 yanvar faciəsinin üzərindən 32 il keçir, lakin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətləndirmə hələ də verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdi və hazırda, müstəqilliyinin bərpa edilməsinin 31-ci ilini yaşayan Azərbaycan Respublikası dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvüdür.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi dövlətçiliyimizin təməlini təşkil edir və bu təməl prinsiplərin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir. Dövlətimizin müstəqilliyinə və bütövlüyünə qarşı ola biləcək hər hansı təhdidlər bundan sonra da tərəfimizdən qətiyyətlə cavablandırılacaq və Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaqdır.
Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən bütün qəhrəman şəhidlərimizin ruhunu dərin ehtiram və minnətdarlıqla anırıq.