Sumo üzrə Yaponiya çempionu yokozuna Hakuho ilə görüş keçirilmişdir
2026-cı ilin 13 fevral tarixində səfir Fərid Talıbov ilə Yaponiyada keçirilən “Hakuho Cup 2026” Sumo çempionatının adı ilə bağlı olan və təşkilatçısı sayılan, sumo üzrə Yaponiya Çempionu Yokozuna Hakuho-Şo arasında Səfirlikdə görüş keçirilmişdir.
Səfir Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən idman sahəsində inkişaf edən münasibətlərdən danışmış, ölkəmizdə yapon idman növlərinin – karate, cüdo, aykido, ciucitsu və s. geniş yayıldığını və sevildiyini bildirmişdir. F.Talıbov son illər Sumo yapon idman növünə də marağın artdığını və Tokioda 2026-cı ilin 7-8 fevral tarixlərində baş tutmuş sayca 16-cı “Hakuho Cup 2026” çempionatında Azərbaycan məktəbinin yetirməsi olan 14 yaşlı Hüseyn Ağayevin iştirakını və ilk 3 qarşılaşmada yapon və braziliyalı rəqiblərini üstələməsini Yaponiyada keçirilən beynəlxalq sumo turnirlərində ilk dəfə iştirak edən Azərbaycanın böyük uğuru adlandırmışdır. Səfir, eyni zamanda Azərbaycan sumo atletlərinin Yaponiya sumo məktəblərinə cəlb edilmək imkanlarının dəyərləndirilməsi barəsində də qarşı tərəfin dəstəyini xahiş etmişdir.
Yaponiyalı qonaq dəvətə görə minnətdarlığını bildirərək, adını daşıdığı turnirdə Azərbaycandan atletin iştirakından məmnun olduğunu qeyd etmiş, ilk dəfə turnirdə iştirak edən bir ölkənin təmsilçisinin ilk 3 qarşılaşmada qalibiyyətini ölkə adına böyük uğur olması ilə razılaşdığını bildirmişdir. Hakuho Azərbaycanda sumo sahəsinin inkişafının perspektivli göründüyünü bu sahədə mümkün dəstəyin göstərilməsinə hazır olduğunu qeyd etmişdir.
F.Talıbov Dünya Sumo Çempionatının 2026-cı ilin oktyabr ayında məhz Bakıda baş tutacağını bildirərək nüfuzlu turnirdə Hakuhonu iştirakını yüksək qiymətləndirmişdir.
Səfir, eyni zamanda yokozuna Hakuhonu 2026-cı ilin 24-28 may tarixlərində Bakıda keçiriləcək “SportAccord” Dünya İdman və Biznes Sammitinə dəvət etmiş, onun iştirakını tədbirin çəkisini artıracağını bildirmişdir.