Yaponiya xarici işlər üzrə dövlət naziri xanım Ayano Kunimitsu ilə görüş keçirilmişdir
31 mart 2026-cı il tarixində səfir Fərid Talıbov ilə Yaponiyanın Xarici işlər üzrə dövlət naziri xanım Ayano Kunimitsu arasında görüş keçirilmişdir. Görüş zamanı səfir F.Talıbov regional təhlükəsizlik məsələlərinə toxunmuş, işğaldan azad edilmiş ərazilərdə mina problemi barədə danışmış, Azərbaycan və Ermənistan arasında sülh dövrünün başlandığını qeyd edərək Orta Dəhlizin əhəmiyyətini vurğulamışdır. Görüşdə, həmçinin Bakıda 17–22 may 2026-cı il tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə ətraflı məlumat verilmiş, tədbirin əhəmiyyəti, əsas mövzusu və gözlənilən yüksək səviyyəli iştirak barədə qarşı tərəf məlumatlandırılmışdır. Görüş zamanı dövlət naziri Ayano Kunimitsu Yaponiya ilə Azərbaycan arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamış və ölkəmizlə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmişdir. Eyni zamanda Yaponiya tərəfinin Azərbaycan ərazisi üzərindən Yaponiya vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir.