Yaponiyanın Ətraf Mühit üzrə dövlət naziri ilə Səfirlikdə görüş keçirilmişdir
3 aprel 2026-cı il tarixində səfir Fərid Talıbov Yaponiyanın Ətraf mühit üzrə dövlət naziri Şigeharu Aoyamanı Səfirlikdə qəbul etmişdir. Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən dayanıqlı urbanizasiya, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji texnologiyalar və şəhər infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Dövlət naziri eyni zamanda Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, iki ölkə arasında xüsusilə ətraf mühit, dayanıqlı şəhərsalma və iqlim məsələləri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. O, gələcəkdə bu kimi təşəbbüslərdə iştirak etməyə və əməkdaşlığın genişləndirilməsinə açıq olduğunu bildirmişdir. Görüş zamanı Ş.Aoyama Azərbaycanda 2026-cı ilin 17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştiraka dəvətə görə həm nazirlik adından, həm də şəxsən öz adından təşəkkürünü bildirmişdir.