Yaponiyanın Parlamentar nazir müavini xanım Eri Arfiya ilə görüş keçirilmişdir
18 mart 2026-cı il tarixində səfir Fərid Talıbov ilə Yaponiyanın Xarici İşlər üzrə Parlamentar nazir müavini xanım Eri Arfiya arasında görüş keçirilmişdir. Görüş zamanı səfir F.Talıbov Azərbaycan ilə Yaponiya arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulamış, ölkələrimiz arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji, nəqliyyat, investisiya və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu bildirmişdir. F. Talıbov görüş zamanı WUF13 forumunun əhəmiyyəti, Bakının ev sahibliyinin rəmzi və praktiki tərəfləri barədə məlumat vermiş, Yaponiyanın bu tədbirdə iştirakının vacibliyini vurğulamış, həmçinin Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinə, o cümlədən Dünya Sumo Çempionatına toxunmuşdur. O, regiondakı vəziyyət, xüsusilə İran tərəfindən Naxçıvana edilən dron hücumu və bunun regional və beynəlxalq təhlükəsizlik üçün yaratdığı risklər barədə məlumat vermiş, Azərbaycanın 2020-ci ildən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, eləcə də Ermənistanla sülh prosesinin başlandığını qeyd etmişdir. Xanım Eri Arfiya isə Azərbaycan-Yaponiya münasibətlərini yüksək qiymətləndirmiş, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmiş, regiondakı gərginlikdən narahatlığını ifadə etmiş, həmçinin iqtisadi əlaqələrin, dekarbonizasiya sahəsində əməkdaşlığın və insanlararası təmasların inkişafına önəm verdiklərini vurğulamışdır.