Hiroşima şəhərinin meri ilə görüş keçirilmişdir
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakın təşviqi məqsədilə 12 mart 2026-cı il tarixində səfir Fərid Talıbov ilə Hiroşima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilmişdir.
Görüş zamanı səfir Fərid Talıbov qarşı tərəfə WUF13-ün mahiyyəti, forumun məqsədləri, Bakı şəhərinin ev sahibi qismində rolu və tədbirdən gözlənilən nəticələr barədə ətraflı məlumat vermiş, həmçinin merə UN-Habitat tərəfindən ünvanlanmış rəsmi dəvət məktubunu təqdim etmişdir. Səfir, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərlərin və yaşayış məntəqələrinin dirçəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat vermişdir.
Hiroşima şəhərinin meri Kazumi Matsui öz növbəsində Azərbaycanın üzləşdiyi vəziyyəti anlayışla qarşıladığını bildirmiş, Hiroşimanın müharibədən sonrakı bərpa təcrübəsinə istinad edərək bu istiqamətdə həmrəyliyini ifadə etmişdir. O, WUF13-də iştirak etmək arzusunda olduğunu qeyd etmiş, həmin tarixlərdə nəzərdə tutulan digər proqramlarını uyğunlaşdıra biləcəyi təqdirdə Bakıya məmnuniyyətlə səfər edəcəyini vurğulamışdır. Görüş yerli media tərəfindən işıqlandırılmış, səfir Hiroşima Home Terebi televiziya kanalına müsahibə vermişdir.